
Sign up to save your podcasts
Or


Yeni videomuz ölkələr arasında iqtisadi inkişaf və məhsuldarlıq fərqlərinin səbəblərinə həsr olunub.
İrvayn Kaliforniya Universitetinin iqtisadiyyat üzrə doktorantı Fikrət Valehli iqtisadi artımın yalnız kapital və sərmayənin həcmi ilə deyil, həm də mövcud resursların necə bölüşdürülməsi ilə bağlı olduğunu deyir.
Qonağımız həmçinin vergi və subsidiya siyasətinin, torpaq bazarındakı problemlərin və digər iqtisadi maneələrin kapitalın səmərəli bölüşdürülməsinə necə təsir etdiyindən danışır.
Klinik psixoloq Humay Eminzadənin sözlərinə görə, mükəmməlliyə can atmaq bəzən insanın inkişafına təkan vermək əvəzinə, onun qarşısında maneəyə çevrilir.
Perfeksionizmin arxasında səhv etmək, tənqid olunmaq və rədd edilmək qorxusunun dayandığını deyən spiker əlavə edir ki, bu cür insanlar uğur qazansalar belə, çox vaxt əldə etdikləri nəticələrdən zövq ala bilmirlər.
Qonağımız həmçinin perfeksionizmin formalaşmasında ailə və məktəb mühitinin rolunu, uşağa qarşı yüksək gözləntilərin onun sonrakı həyatına təsirini izah edir.
Sənətşünas Elçin Hüseyn ölkədə təsviri sənət bazarından, rəssamların öz yaradıcılıqlarına və fəaliyyətlərinə yanaşmasından, cəmiyyətin incəsənətə münasibətindən danışır.
Onun fikrincə, rəsm əsərinin dəyərini təkcə texniki keyfiyyəti deyil, həm də rəssamın həyat hekayəsi, yaradıcılıq yolu və gələcək potensialı müəyyən edir. O, rəssamların özlərini və yaradıcılıqlarını peşəkar şəkildə təqdim etməsinin vacibliyini vurğulayır.
Elçin Hüseyn həmçinin muzeylərə və qalereyalara marağın artırılmasının əhəmiyyətindən bəhs edir.
Xoreoqraf Fariz Musayev bildirir ki, breyk-dans rəqs və idman növü olmaqla yanaşı, həm də özünü sərbəst ifadə etmək və yaradıcılığını ortaya qoymaq üçün gözəl fürsətdir.
Qonağımızın sözlərinə görə, breyk-dans uşaqların təkcə fiziki inkişafına deyil, həm də özünəinamının artmasına, yeni dostlar qazanmasına və ünsiyyət bacarıqlarının inkişafına kömək edir.
Rəqslə məşğul olmaq üçün heç vaxt gec olmadığını vurğulayan Fariz Musayev insanları başqalarının nə düşünəcəyindən çəkinmədən sevdikləri işlə məşğul olmağa çağırır.
Psixoloq və psixoterapevt Səbinə Nəzərova psixoterapiyada neyrofərqliliyin nəzərə alınmasının vacibliyindən danışır.
Onun sözlərinə görə, autizm, diqqət əskikliyi və hiperaktivlik pozuntusu, eləcə də digər neyroinkişaf xüsusiyyətləri insanların gündəlik həyatına, sosial münasibətlərinə və psixoloji vəziyyətinə müxtəlif şəkildə təsir göstərir.
Spiker vurğulayır ki, neyrofərqli insanların qarşılaşdıqları çətinlikləri anlamaq üçün yalnız diaqnoza deyil, onların fərdi həyat təcrübələrinə də diqqət yetirmək vacibdir.
Urbanistika üzrə tədqiqatçı Fidan Namazova şəhərlərin qadınların gündəlik ehtiyacları və təcrübələri nəzərə alınaraq planlaşdırılmasının əhəmiyyətindən danışır.
İnsanlar eyni şəhərdə küçələrdən, ictimai nəqliyyatdan, parklardan və digər ictimai məkanlardan istifadə zamanı fərqli təcrübələr yaşaya bilirlər. Xüsusilə qadınların hərəkət imkanları, təhlükəsizliyi və qayğı öhdəlikləri şəhərsalmada kifayət qədər nəzərə alınmır.
Qonağımız deyir ki, şəhər mühitində edilən nisbətən kiçik dəyişikliklər belə insanların gündəlik həyatını xeyli asanlaşdıra bilər.
ADA Universitetinin hüquq fakültəsinin professoru, İndiana Universitetinin hüquq elmləri doktoru Altay Mustafayev qeyd edir ki, ABŞ-da hüquq təhsilində nəzəri biliklərlə yanaşı, tələbələrin tənqidi düşüncə, araşdırma və problem həll etmə bacarıqlarının inkişafına xüsusi əhəmiyyət verilir.
Qonağımız həmçinin ABŞ-da geniş tətbiq olunan Sokrat metodundan, real məhkəmə qərarları əsasında aparılan tədrisdən, tələbələrin hüquq klinikalarında praktiki təcrübə qazanmasından və universitetlərin hüquq jurnallarının onların gələcək karyeralarında oynadığı roldan danışır.
Hüquqşünas, Nyu-York Ştatı Vəkillər Kollegiyasının üzvü Pərviz Abbasovla vizyon anlayışının insanın şəxsi və peşəkar həyatındakı rolundan danışdıq.
Qonağımız qeyd edir ki, vizyon çox vaxt formal bir anlayış kimi qəbul olunsa da, onun arxasında psixologiya, nevrologiya və liderlik sahəsində aparılan araşdırmalar dayanır.
Pərviz Abbasovun sözlərinə görə, düzgün müəyyən edilmiş vizyon insana çatmaq istədiyi ünvanı aydın görməyə, bu yolda diqqətini əsas məqsəddən yayındırmamağa və motivasiyasını qorumağa kömək edir.
Kiçik bir təşəbbüs kimi başlayan SevilFest bu gün Azərbaycanın bir neçə şəhərində keçirilir və müxtəlif ölkələrdən rejissorları, filmləri və tamaşaçıları bir araya gətirir.
Festivalın təsisçisi Aygün Rəşidova öz çıxışında qadınların hekayələrini eşitdirməyin, qadın rejissorları tanıtmağın və cəmiyyətdə danışılması çətin olan mövzulara sənədli kino vasitəsilə yer açmağın əhəmiyyətini qeyd edir.
Qonağımız vurğulayır ki, bütün çətinliklərə baxmayaraq, SevilFest insanların birlikdə film izləyə, söhbət edə və bir-birini dinləyə bildiyi açıq məkan kimi yoluna davam edir.
Bloqer Anar Əliyevlə danimarkalı urbanist Yan Gelin bu yaxınlarda Azərbaycan dilində nəşr edilən “İnsan yönümlü şəhərlər” kitabı haqqında danışdıq. Kitab şəhərə insan gözü ilə baxmağı və küçələri insanların gündəlik ehtiyaclarına uyğun qurmağı təklif edir.
Qonağımız nitqində tıxac problemi, ictimai nəqliyyatın effektivliyi, piyada və velosiped infrastrukturunun inkişafı məsələlərinə toxunur. O qeyd edir ki, Kopenhagen, Amsterdam və Paris kimi şəhərlərin təcrübəsi insan yönümlü yanaşmanın küçələri daha canlı, təhlükəsiz və iqtisadi baxımdan fəal edə biləcəyini göstərir.
From the publisher's feed