
Sign up to save your podcasts
Or


Təhsil eksperti Zeynəb Rzayeva ilə İngiltərə məktəblərində uşaqların mühafizəsi üzrə tədbirlər planlarının necə icra edildiyini müzakirə etdik.
Qonağımız vurğulayır ki, uşaqların mühafizəsi tutduğu vəzifədən və gördüyü işdən asılı olmayaraq məktəb heyətinin bütün üzvlərinin məsuliyyətidir. O, əməkdaşların fiziki, emosional, cinsi istismar və laqeydlik kimi müxtəlif zorakılıq formalarını tanımasının və tərəddüd etmədən tədbir görməsinin vacibliyini qeyd edir.
ABŞ-da böyüyən Nəzrin Qəribova sonradan Azərbaycana köçüb. Hazırda xizək alpinizmi üzrə ölkə komandasının üzvü olan Nəzrin deyir ki, uşaq və yeniyetmə yaşlarında müxtəlif idman növləri həyatının ayrılmaz bir hissəsi olub. Onun sözlərinə görə, idman ona dözümlülük, komanda ruhu, özünəinam və intizam kimi dəyərləri aşılayıb və bu təcrübə həyatının hər mərhələsində ona faydalı olub.
Qonağımızla gənclərin formalaşmasında idmanın rolu, xüsusilə də ABŞ və Azərbaycan gənclərinin idmana yanaşmaları və onlara təqdim edilən imkanların müqayisəsi barədə söhbət etdik.
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı qadınlarla bağlı mövzulara diqqət çəkmək, qadınların hekayələrini önə çıxarmaq və cəmiyyət tərəfindən geniş müzakirə edilməyən mövzuları gündəmə gətirmək üçün yaradılıb. Festival əsasən qadın rejissorların filmlərinə və ya qadınların həyat hekayələrini əhatə edən sənədli filmlərə üstünlük verir.
Festivalın meneceri Nəzrin Əsgərova ilə bu təşəbbüsün missiyası, nailiyyətləri və qarşılaşdığı çətinliklər barədə danışdıq.
Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli qeyd edir ki, neft, qaz və mineral sərvətlə zəngin ölkələr bu resursları olmayan zəngin ölkələrlə müqayisədə sosial müdafiə, təhsil və səhiyyə sahələrində geri qalır və bunun nəticəsində həmin ölkələrdə həm həssas qruplar, həm də bütövlükdə ailələr və uşaqlar daha çətin vəziyyətlə üzləşirlər.
Qonağımız bizimlə söhbət zamanı təbii sərvətləri olan ölkələrdə uşaqların gələcəyinə sərmayə qoyulmasının mexanizmi ilə bağlı apardığı tədqiqatdan danışıb.
Bizimlə söhbətində musiqişünas, “Akustik Palitra” Musiqi Məktəbinin direktoru Sara Timurova musiqi təhsilinin həm fərdi, həm də ictimai inkişaf üçün həyati əhəmiyyət daşıdığını bildirir. Qonağımız izah edir ki, musiqi sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda mədəni kodların daşıyıcısı, emosiyaların dili, yaddaş, sağalma, ünsiyyət və həyata məna qatan bir vasitədir. O əlavə edir ki, estetik dəyərindən başqa musiqi uşaqlar üçün güclü mənəvi və intellektual tərbiyə vasitəsi ola bilər.
"PAŞA Holding"in Korporativ İnnovasiyalar üzrə rəhbəri Tuğra Musayeva ilə Azərbaycandakı innovasiya ekosistemi, xüsusilə də bu ekosistemin səmərəli fəaliyyəti üçün istedadların yetişdirilməsi və dəstəkləyici mühitin yaradılması barədə danışdıq.
Qonağımız innovasiyaların həm idxalı, həm də daxildə inkişafı ilə bağlı müxtəlif strategiyaların xüsusiyyətlərini izah etməklə yanaşı, innovasiyaların yaranması üçün şirkətdaxili mədəniyyətin uyğunlaşmaya məcbur olduğunu vurğulayır.
Uşaq və yeniyetmə psixoloqu Murad Akifsoy ilə cəmiyyətdə uşaq tərbiyəsi ilə bağlı geniş yayılmış fikirləri müzakirə etdik.
Qonağımız cavablarında valideynlərin bəzən işlətdiyi ağır sözlər və uşaqlara qarşı təhqirlər, həmçinin disiplin anlayışının yanlış yozulması və uşaqların onlarla mübahisə etməsinə qarşı dözümsüzlükləri mövzularına xüsusi diqqət ayırdı.
Artan dünya əhalisinin qida ehtiyaclarının qarşılanması, kənd təsərrüfatına yararlı torpaqların azalması və iqlim dəyişikliyinin yaratdığı çətinliklər qida sənayesində köklü dəyişiklikləri zəruri edir. Molekulyar bioloq Nərmin Axundova bildirir ki, bu dəyişikliklər birdən-birə baş verəcək inqilab deyil, artıq müşahidə olunan davamlı bir prosesdir.
Süni ət, GMO məhsulları və qidaların zənginləşdirilməsi kimi yeni yanaşmaların istehlakçılar tərəfindən birmənalı qarşılanmadığını qeyd edən spiker vurğulayır ki, bəşəriyyət yalnız bu innovasiyaları qəbul etməklə gələcəkdə davamlı, təhlükəsiz və etik qida təminatını əldə edə biləcək.
“Dynamic Box Studio” şirkətinin həmtəsisçisi Şahin Əliyev oyunlaşdırma anlayışından və onun həm iş, həm də təhsil mühitində səmərəliliyi artırmaq potensialından danışıb.
Qonağımız 1913-cü ildə Henri Fordun konveyer xəttini tətbiq etməklə istehsalata inqilab gətirməsinə baxmayaraq, bu prosesin işçilərdə motivasiya itkisinə səbəb olduğunu vurğulayır və əlavə edir ki, oyunlaşdırma yanaşması həm əməkdaşların, həm də tələbələrin motivasiyasını yüksək saxlamaq və daha yaxşı nəticələr əldə etmək üçün səmərəli vasitədir.
Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasov bildirir ki, bu gün təhsil sistemləri süni zəkanın yaratdığı dəyişikliklərə cavab olaraq özünü yenidən kəşf etməyə məcburdur.
Qonağımız vurğulayır ki, süni zəkanın əlçatan olması ilə daha da dərinləşən böhranın əsas səbəblərindən biri təhsilin məntiqi və linqvistik bacarıqları ölçən standartlaşdırılmış imtahanlardan asılı olmasıdır.
Spikerin sözlərinə görə, insan zəkası yalnız bu bacarıqlardan ibarət deyil və təhsil bütün zəka formalarını inkişaf etdirəcək şəkildə qurulmalıdır.
From the publisher's feed