
Sign up to save your podcasts
Or


Təhsil mütəxəssisi Aynurə Abdullayeva ilə müsahibəmizdə mədəniyyət, ənənə və qlobal trendlərin təhsilə inteqrasiyası haqqında danışdıq.
Qonağımız vurğulayır ki, yerli ənənələr və mədəni dəyərlər düşünülmüş şəkildə tətbiq olunduqda, şagirdlərin yazı, nitq və tənqidi təfəkkür bacarıqları da daxil olmaqla, ümumi idrak inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər.
Lakin spikerimiz xəbərdarlıq edir ki, ənənə müasir təhsilin məqsədlərinə mane olmamalıdır.
Yeni müsahibəmizdə jurnalist Pəri Abbaslı müasir jurnalistika və rəqəmsal mediada vertikal videoların artan təsirindən danışır.
Sosial media platformalarının ənənəvi horizontal formatlardan vertikal formatlara keçidi sürətləndirdiyini qeyd edən qonağımız əlavə edir ki, bu formatdan istifadə getdikcə daha da artacaq.
Pəri Abbaslı bildirir ki, vertikal videolar vətəndaş jurnalistikasını gücləndirir, lakin xəbərlərin bu şəkildə demokratikləşməsi müəyyən risklər də yaradır.
Hüquqşünas Mehri Rzayeva iş yerlərində cinsi ayrı-seçkilik və seksual qısnamaya dair problemlərə toxunur və qadınların bu halları sübut etməkdə qarşılaşdıqları çətinlikləri vurğulayır. Qonağımız izah edir ki, diskriminasiya daha çox işə qəbul, vəzifəyə yüksəlmə və əmək haqqı ilə bağlı danışıqlar zamanı baş verir.
Mehri Rzayeva bildirir ki, Azərbaycanın əmək qanunvericiliyində bu məsələlərlə effektiv mübarizə aparmaq üçün aydın daxili qaydalar və icra mexanizmləri yoxdur.
Yeni müsahibəmizdə tarixçi Müşfiq Əkbər Bakının unudulmuş Sabunçu kəndinin zəngin, lakin diqqətdən kənarda qalmış tarixi və mədəni potensialı haqqında danışır. Qonağımız Sabunçu xəstəxanasını, Nobel qardaşlarının işçi şəhərciyini, elektrik stansiyasını və buradakı multikultural yaşayış tərzini xüsusi vurğulayır.
Müşfiq Əkbər bildirir ki, Sabunçu bərpa olunsa, bu məkan Azərbaycanın sənaye, mədəni və multikultural tarixi üçün nadir bir turizm istiqamətinə çevrilə bilər.
Azərbaycan Biznes Keys Müsabiqəsinin məzunu və təlimçisi Səkinə Qaragöz bu yarışma ilə bağlı təcrübəsini və onun peşəkar inkişafına necə təsir etdiyini bölüşür.
Qonağımız qeyd edir ki, bu müsabiqə tələbələrə real biznes problemlərini müəyyənləşdirməyi, məhdud resurslarla strateji həll yolları tapmağı, eləcə də strateji düşünmə, ünsiyyət və əməkdaşlıq kimi əsas bacarıqları inkişaf etdirməyi öyrədir.
Səkinə Qaragöz əlavə edir ki, bu müsabiqə tələbələrə nəzəriyyədən daha çox praktiki təcrübə qazandırır.
Natiqlik üzrə kouç Coşqun Kərimov öz çıxışında Süni Zəkanın ünsiyyət və insan inkişafındakı rolunun necə dəyişdiyini təhlil edir. O, Süni Zəkanın ictimai çıxış üçün vacib hesab etdiyi dörd “əzələyə” – vaxtın idarə olunması, məzmunun formalaşdırılması, vizual ünsiyyət və enerjinin idarə olunmasına – necə təsir etdiyini izah edir.
Qonağımız vurğulayır ki, Süni Zəka qlobal biliklərə çıxış, vizualların hazırlanması və təqdimat mühitlərinin simulyasiyası baxımından əvəzsiz bir vasitə olsa da, enerjinin ötürülməsi və emosional təsir hələ də yalnız insana məxsus bacarıqlardır.
Uşaq inkişafı üzrə mütəxəssis Nailə Həsənzadə qeyd edir ki, autizm spektr pozuntusu və digər inkişaf fərqliliyi olan uşaqlar öyrənərkən müəyyən çətinliklərlə üzləşirlər.
Bu problemin həllinə töhfə vermək məqsədilə spikerimiz “Mustafanın lupası” adlı adaptiv mütaliə vəsaitini hazırlayıb. Vəsait uşağın məzmunu anlama bacarığını inkişaf etdirməyə yönəlib və suallar vasitəsilə öyrəndiklərini daha yaxşı qavramağa yardımçı olur.
Təxminən iki il əvvəl vəkil Aysel Əhmədova ilə Azərbaycanda vərəsəlik qanunları barədə ictimaiyyətin ən çox verdiyi suallar əsasında bir müsahibə hazırlamışdıq. Bu müddət ərzində həmin müsahibəyə olan marağın artdığını nəzərə alaraq, Aysel xanımla izləyicilərimizin verdiyi 10 yeni sualı əhatə edən növbəti bir müsahibə hazırladıq.
Qonağımız bu dəfəki cavablarında əmlakın bağışlanması, onun bölüşdürülməsi, mirasın varislər arasında necə paylanması, qeyri-rəsmi nikahın vərəsəlik məsələlərinə təsiri, ölkədə daşınmaz əmlaka sahib olan xarici vətəndaşların miras hüquqları və digər aktual məsələlərə toxunub
Sitarə İbrahimbəyli, VarYox platformasının sosial mövzulara diqqət yetirdiyini və küçə heyvanlarının bu mövzulardan olduğunu deyir.
O qeyd edir ki, Azərbaycan dilində uşaqlar üçün müasir reallıqları əks etdirən və empatiya aşılayan kontent kifayət qədər deyil. Fıstıq adlı küçə iti və Aqil adlı oğlanın dostluğundan bəhs edən kitab da məhz bu səbəbdən ərsəyə gəlib.
Qonağımız, heyvanlara qarşı münasibətin uşaqlarda insanlara qarşı münasibətə də təsir etdiyini və bizim uşaqlarda mərhəmət hissinin formalaşmasına önəm verməli olduğumuzu vurğulayır.
Psixologiyada geniş müzakirə olunan “Qaranlıq dördlük” yanaşması haqqında danışan tədqiqatçı Zəhra Murad insanların bu dörd xüsusiyyət – narsisizm, makiavelizm, psixopatlıq və sadizm – barədə daha məlumatlı olmasının vacibliyini vurğulayır.
Qonağımız qeyd edir ki, bu xüsusiyyətlərə malik insanlar güc və səlahiyyət mövqelərinə təbii olaraq cəlb olunurlar, çünki bu mövqelər onların manipulyasiya və nəzarət imkanlarını artırır.
From the publisher's feed