
Sign up to save your podcasts
Or


Bu günəşli yay günündə otağımızın qonağı aparıcı və influenser Nərmin Knyaz oldu. Nərminlə çox isti söhbətlər etdik. Uşaqlığa, ordan da tələbəliyə, sonra özümüzə səyahət etdik. Həyatımızın ağ-qara fraqmentlərindən də danışdıq, ama söhbətimizi rəngarəng notlarda sonlandırdıq.
Biz inanmaq istəyirik ki, qadın qadının düşməni yox, qadın qadının kompasıdır, dərdlərinə dərmandır, sığına biləcəyi evdir, qolundakı gücdür, qadın qadının həyatını dəyişəcək ilham mənbəyidir. Otağımıza gələn hər qadın bizim qəhrəmanımızdır. Biz onlarla söhbətdən çox zövq alırıq, bəs siz? :)
Bu həftəki Otağımızın sakini Gender Hub platformasının həmtəsisçisi Məryəm Məcidova oldu. Uzun illərdir şəxsi inkişaf, ictimai iştirakçılıq üzrə təlim təcrübəsi olan Məryəm hazırda komandası ilə birlikdə cəmiyyətin gender bərabərliyi mövzusunda maariflənməsi üçün böyük işlər görür. Bu Otağımızda həm Gender Hub’ın fəaliyyəti haqda danışdıq, həm də Məryəmi gənc qadın olaraq tanımağa çalışdıq. Onu bu ictimai aktivistliyə nələrin yönləndirdiyini öyrəndik. Çox dəyərli bir söhbət oldu bizim üçün. Ümid edirik bu söhbətə qulaq verərək bizə dəstək olacaqsınız.
Bu həftə Fidanın otağı ilə qarşınızdayıq. Fidan xəyallarına Amerikada qovuşmağa çalışan həmvətənimizdir. 5 ilə yaxındır ki, Nyu Yorkda yaşayır. Bu günə qədər bir neçə dəfə peşəsini və 10 dəfə də yaşadığı evi dəyişib. Fidanla peşə dəyişmək, xaricdə yaşamaq, Nyu Yorkda həyatın dibini görmək haqda çox səmimi söhbət etdik. Biz də öz şəxsi təcrübələrimizi bölüşdük. Həyat bir tərəfdən uğur uğrunda marafon ikən, bir yandan da uğurlu olmaq qorxusu ilə bizi geriyə çəkən ayaqlardır. Fidanın otağında həyatın hər iki üzü haqqında bolluca danışdıq. Fincanınızı yanınıza alın, divana əyləşib otağımıza teleport olun. Bura çox ev kimidir.
Yeni otağımızda enerjisi ilə bizi valeh edən klinik psixoloq Elvira Babayeva ilə qısnamanın növləri haqda danışdıq. Qonağımız Azərbaycan reallığında qadınların qarşılaşdığı təzyiqlərin motivlərini sadaladı. Əlbəttə ki, bu mövzular bizi ailə münasibətləri, tələbkar valideynlərin qarşısında əzilən gənclər, qaynanalar, gəlinlər mövzularına gətirib çıxardı. Elvira xanım uşaq tərbiyəsi haqda olduqca dəyərli məsləhətlərini bizimlə paylaşdı. Söhbət zamanı "gaslighting", "cat calling", "harassment" kimi bir çox termini Azərbaycan dilində açıqlamağa çalışdıq.
May ayı mental sağlamlıq haqda məlumatlandırma ayıdır. Ona görə də, bu ayın son həftəsində mental sağlamlığa giriş otağı təşkil etdik. Otağımızın qonağı psixiatr-psixoterapevt Nigar Arif oldu. Bu günə qədər otaqlarda danışılan problemlər haqda bir də ekspertizası olan birinin fikrini soruşduq. Nigar xanımla təzyiqlə qarşılaşan, cəmiyyətin əzdiyi qadınlar üçün xilas yolları haqda danışdıq. Travmalar alan insanlar üçün qaynar xətt haqda məlumat aldıq. Bundan başqa mental sağlamlıq haqda miflərdən bəhs etdik, müxtəlif psixi pozuntular haqda maarifləndik.
10-cu otağımıza gələn Lamiyə ilə olduqca maraqlı bir söhbət etdik. Lamiyə tibbi genetika mütəxəssisidir və Türkiyədə yaşayır. Lamiyəylə xaricdə təhsildən, təhsilin azadlığa apardığı yoldan, genetikamızın bizi müxtəlif istiqamətlərdə yönləndirməsindən bəhs etdik. Genlərimiz haqda çox maraqlı şeylər öyrəndik. Bu otağımızda qohum evliliklərinin fəsadlarına yer verildi. Daha sonra Lamiyə pandemiya dövründə ana olmasından bəhs etdi. Erkən doğum zamanı qarşılaşdığı çətinlikləri bizimlə paylaşdı. Çayınızı alıb, otağımıza gəlin və fikirlərinizi bizimlə paylaşın.
Otağımıza bu həftə Tori Bahar səhifəsi ilə tanınan Fidan gəldi 🌿 Analıq bloqu və özünüinkişaf platforması olan Fidanla Almaniyada uşaq böyütməkdən tutmuş, valideyn olmağın cəmiyyətlə əlaqəsinə kimi bir çox dərin mövzularda danışdıq. Bu otaq bol diskussiya və fərqli fikirlərin səslənməsiylə yadda qaldı. Siz də diskussiyaya qoşulun. Sizcə valideyn olmaq bir seçimdir? Və yaxud hər kəs valideyn olmalıdır?
Yeni otağımızın qonağı Əkinçi layihəsinin rəhbəri Vüqar Salamlı oldu. Vüqarın otağında jurnalistikanın metamorfozasından, siyasətdən, gender bərabərliyindən danışdıq. Azərbaycanda böyüyən kişi olaraq onu feminizmə gətirən yoldan bəhs etdik. Vüqar bərabər haqlar və imkanlar mübarizəsində kişilərin rolundan, siyasətdə qadınların iştirakından danışdı. O, qızını böyüdərkən hansi prinsiplərə önəm verdiyini paylaşdı.
Yeni otağımızın divarları göy qurşağı rənglərinə boyanıb. 🌈 Səmədlə LGBT+ icmasının qarşılaşdığı ayrıseçkilikdən, Minority Azerbaijan lahiyəsindən, homoseksuallığın təbliğatından danışdıq. Bizi dinlədiyiniz və haqsızlıqlarla qarşılaşan insanları dəstəklədiyiniz üçün təşəkkür edirik. Otağımıza girəndə stiqmalarınızı qapıda çıxartmaq yadınızdan çıxmasın.
Dördüncü otağımızda uşaqlığı müharibə şəraitində keçən Nuranə ilə yaşadığı çətinliklərdən danışdıq. Məcburi köçkün məktəbində üzləşdiyi “bulinq” və məhz "qız uşağı" olduğu üçün qarşılaşdığı haqsızlıqlardan bəhs etdik. Bu otağın əsas mövzusu isə, doğuş sonrası bir çox qadının keçirdiyi “analıq hüznü” və “pospartum depressiya” oldu.
From the publisher's feed