
Sign up to save your podcasts
Or


Turizm və hotel idarəçiliyi üzrə mütəxəssis Vəfa Kərəmova bildirir ki, turizm Azərbaycanda məşğulluğu dəstəkləyən və regionların inkişafına birbaşa təsir göstərən mühüm sahəyə çevrilə bilər. Lakin o əlavə edir ki, sahənin rəqabət qabiliyyəti xidmət keyfiyyəti, innovasiya və planlı kadr inkişafından asılıdır.
Qonağımız vurğulayır ki, yerli mütəxəssislərin rolunun artmasına baxmayaraq, gələcək inkişaf üçün sistemli təlimlərə, yenidən ixtisaslaşmaya və insan kapitalına investisiyaya ehtiyac qalır. Bu səbəbdən milli xidmət standartlarının və koordinasiyalı təlimlərin gücləndirilməsi Azərbaycanın turizm sahəsinin ehtiyac duyulan səviyyədə olması üçün olduqca önəmlidir.
Səhiyyə menecmenti üzrə doktorant və Universal Hospitalın direktoru Fəqan Həsənzadə bildirir ki, güclü səhiyyə yalnız peşəkar həkimlərlə deyil, düzgün qərar verən və məsuliyyət daşıyan idarəetmə ilə qurulur.
Qonağımız vurğulayır ki, müasir dövrdə data təhlili, planlama və kompleks idarəetmə yanaşmaları səhiyyə idarəçiliyinin ayrılmaz hissəsinə çevrildikcə, səhiyyə menecerlərinin maliyyə, statistika və etik yanaşmanı birləşdirən çoxşaxəli biliklərə malik olması zəruri olur.
Bu çıxış gələcəyin səhiyyə sistemini formalaşdıracaq görünməyən liderlərin roluna diqqət çəkməyə dəvət edir.
Memar Murad Mir-Zadə deyir ki, tarixi irsin qorunması ilə müasir inkişaf bir-birinə zidd deyil, əksinə, şəhərin gələcəyini formalaşdıran paralel proseslərdir.
Qonağımız çıxışında Paris, Venesiya, İstanbul, Kopenhagen, Dubay və Bakı nümunələri üzərindən həm nəzarətsiz modernləşmənin, həm də şəhərlərin “yaşayan muzeyə” çevrilməsinin risklərini ortaya qoyur.
Bu müsahibə sizi şəhərlərin öz kimliyini və davamlılığını itirmədən keçmişlə gələcək arasında necə körpü qura biləcəyinə dair düşünməyə vadar edəcək.
Sosial şəbəkələrin ictimai müzakirələrin aparıcı məkanına çevrilməsinin gender normalarına necə təsir etdiyindən danışan gender və media üzrə araşdırmaçı Vəfa Əli vurğulayır ki, medianı cəmiyyətin sadəcə güzgüsü kimi təqdim etmək onun gender təsəvvürlərini müəyyənləşdirmək gücünü görməzdən gəlmək deməkdir.
Qonağımız qeyd edir ki, rəqəmsal platformalar sayəsində yaranan #MeToo kimi hərəkatlar görünürlüyü artırsa da, alqoritmlər və ənənəvi narrativlər hələ də dominant baxışları gücləndirir, alternativ səsləri isə məhdudlaşdırır.
Sosial sahibkarlıq cəmiyyətdə həqiqi dəyişiklik yarada bilərmi? Stratklayd Universiteti doktorantı Turan Nağıyeva çıxışında sosial sahibkarlığın icmalar, mədəniyyət və institutlarla necə sıx bağlı olduğunu izah edir.
Qonağımız formal və qeyri-formal institutların sosial təşəbbüslərin uğurunda oynadığı həlledici rola diqqət çəkir.
Bu çıxış sosial dəyərin necə müəyyən olunduğunu və niyə təkcə iqtisadi həllərin kifayət etmədiyini anlamaq üçün vacib baxış bucağı təqdim edir.
Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi və rejissor Aynur Zərrintac interaktiv medianın müasir teatrı necə transformasiya etdiyini öz təcrübələri əsasında izah edir.
Qonağımız qeyd edir ki, texnologiyanın teatra cəlb edilməsi tamaşaçının passiv izləyicidən prosesin bir hissəsinə çevrilməsi üçün geniş imkanlar yaradır.
Bununla yanaşı, Zərrintac əldə edilən yeni imkanlarla bərabər etik dilemmaların fərqində olmağı, eləcə də sənət və tamaşaçı qarşısında məsuliyyəti unutmamağı olduqca vacib hesab edir.
Jalə Ələkbərova çıxışında gənclərə xaricdə təhsilə status və ya qaçış yolu kimi baxmağı dayandırmağı tövsiyə edir. Qonağımız vurğulayır ki, bu qərar emosiyalar və sosial medianın təsiri ilə deyil, rasional və strateji düşüncə əsasında verilməlidir.
Uzun illər gənclərlə çalışaraq əldə etdiyi müşahidələrə əsaslanan Ələkbərova bildirir ki, bir çox gənc xaricdə təhsil almaq istəyir, lakin bu istəyin səbəblərini və onun uzunmüddətli məqsədlərlə necə əlaqələndiyini aydın şəkildə müəyyənləşdirmir.
Ramil Əhməd ədəbiyyatın nə olduğu barədə təsəvvürlərimizin onun necə tədris olunmasına birbaşa təsir etməsindən danışır.
Qonağumuz bildirir ki, xüsusilə məktəb proqramlarında hakim olan dar yanaşmalar şagirdlərin təxəyyülünü və tənqidi düşünmə qabiliyyətini məhdudlaşdırır.
Ramil Əhməd həmçinin vurğulayır ki, ədəbiyyat bu gün tez-tez cansıxıcı və aktuallığını itirmiş bir fənn kimi qəbul olunur. Məhz buna görə də o, ədəbiyyat tədrisinin daha canlı, açıq və dinamik bir prosesə çevrilməsini təklif edir.
Süni intellekt son bir neçə ildə müxtəlif istiqamətlərdə gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilib. Yaradıcı sahələrdə bu alətlərin tətbiqi prosesin məntiqli davamı kimi görünsə də, onlara qarşı müqavimət hələ də kifayət qədər güclüdür.
Kinotənqidçi Hacı Səfərovla müsahibədə süni intellektin yaradıcı sənayenin lokomotivi sayılan kinoya təsiri, eləcə də doğurduğu yaradıcı və etik suallar barədə söhbət etdik.
Qonağımız bildirir ki, bu mövzuya birmənalı müsbət və ya mənfi yanaşmaq doğru deyil, əsas məsələ süni intellekt alətlərindən məsuliyyətli şəkildə istifadə etməkdir.
ADA Universitetinin dosenti Anar Vəliyev çıxışında qlobal miqyasda universitetlər arasında reytinq rəqabətinin necə yanlış istiqamət aldığını izah edir.
Qonağımızın sözlərinə görə, reytinqləri yüksəltmək cəhdi bir çox ali məktəbdə elmi keyfiyyətdən çox, elmi məqalə sayının artırılmasına fokuslanmağa səbəb olub. Bu boşluğu fürsətə çevirən şirkətlər isə bu məqalələrin standartlardan kənar şəkildə, sürətli və kütləvi nəşrini təklif etməyə başlayıblar. Nəticədə elmi dəyəri zəif olan, aşağı keyfiyyətli elmi məqalələrin sayı sürətlə artıb.
From the publisher's feed