
Sign up to save your podcasts
Or


Just Bread çörək evinin həmtəsisçisi Fidan Axundova sağlam qida ideyasının necə real biznesə çevrildiyini izah edir. O, Bakıda keyfiyyətli və faydalı çörək çatışmazlığını görərək bu sahədə dərin biliklər əldə etdiklərini və hər şeyi sıfırdan qurduqlarını qeyd edir.
Bu hekayədə kiçik bir ideyanın necə isti icmaya çevrildiyini, müştərilərlə qurulan etibarın gücünü görəcəksiniz. Qayğı və dəyərlər üzərində qurulan bu biznes barədə daha çox öyrənmək üçün yeni videomuzu izləyin.
ADA Universitetinin dosenti Anar Vəliyev ölkədə uşaqlarını xaricdə oxutmaq istəyən valideynlərin sayının artmasından və onların əsasən akademik hazırlığa fokuslanaraq uşaqların xaricdə müstəqil həyata hazırlığını diqqətdən kənarda qoymalarından danışır.
Spiker qeyd edir ki, bu səbəbdən bir çox gənc xaricdə təhsil almaq imkanı əldə etsə də, həyat bacarıqları yetərli olmadığı üçün müxtəlif çətinliklərlə üzləşir. Anar Vəliyev vurğulayır ki, təhsil yalnız diplom demək deyil, eyni zamanda insanın yetkinləşməsi və formalaşması prosesidir.
Rəssam Soltan Soltanlı sənəti həm şəxsi çağırış, həm də ictimai məsuliyyət kimi dəyərləndirir.
Gənc yaşlarından rəssamlığa bağlı qalan və öz yaradıcılıq yolunu müstəqil şəkildə formalaşdıran spiker vurğulayır ki, sənətdə ən vacib məsələ orijinallıqdır və hər bir sənətkar öz üslubunu, öz baxışını yaratmalıdır.
Qonağımız qeyd edir ki, ciddi sənət davamlı dövlət və ictimai dəstək olmadan inkişaf edə bilməz.
Məktəbəqədər təhsil mütəxəssisi Pəri Osmanova uşaqların öyrənmə prosesində təbiətin rolundan danışır. O deyir ki, öyrənmək yalnız sinif otağı ilə məhdudlaşmır və təbiət uşaqlar üçün ən güclü resurslardan biridir.
Spikerin fikrincə, yağışa toxunmaq, torpağın qoxusunu hiss etmək, qarışqaları izləmək kimi sadə təcrübələr uşaqlarda yaradıcılığı, səbr və problem həll etmə bacarığını inkişaf etdirir.
Pəri Osmanova vurğulayır ki, biz uşaqlara hər şeyi öyrədə bilmərik, amma onlara öyrənməyi öyrədə bilərik. Bunun üçün isə uşağa kəşf etmək imkanı vermək vacibdir.
Tədqiqatçı Zakir Rzazadə müasir döyüşlərdə dron texnologiyasının artan rolunu və “dron inqilabı” anlayışının nə dərəcədə əsaslı olduğunu analiz edir.
Qonağımız bildirir ki, dronlar həm əlçatanlıq, həm də ucuzluq baxımından müharibənin dinamikasını dəyişsə də, bu dəyişikliklər bəzən şişirdilmiş şəkildə təqdim olunur.
Dronların effektivliyinin zamanla dəyişdiyini və qarşı tərəfin bu təhdidlərə uyğunlaşdığını deyən qonağımız əlavə edir ki, dron istifadəsində əsas dönüş nöqtəsi texnoloji deyil, daha çox iqtisadi məntiqdədir.
İnfluenserlər ictimai fikrə necə təsir edir və bu güc onlara hansı məsuliyyətləri yükləyir? Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı bizimlə söhbətində bu sualları təhlil edir.
O vurğulayır ki, sosial media platformalarında böyük auditoriyaya sahib olmaq jurnalist olmaq demək deyil. Belə ki, jurnalistika peşəkar standartlar, redaksiya nəzarəti və fakt yoxlama mexanizmlərinə əsaslanır.
Bununla belə, influnserlərin təsir gücü danılmazdır və bu, onlardan daha məsuliyyətli davranış tələb edir.
Ətraf mühit eksperti Rövşən Abbasovla şəhərləşmə, iqlim dəyişmələri və urban həyatın yaratdığı çoxşaxəli təsirlər haqqında danışdıq. O, çıxışında dünya əhalisinin böyük hissəsinin şəhərlərdə yaşamasının və istehlakın əsasən burada cəmlənməsinin şəhərləri istixana qazlarının, çirklənmənin və iqlim dəyişmələrinin əsas mənbəyinə çevirdiyini izah edir.
Spiker qeyd edir ki, plansız urbanizasiya, gecəqondulaşma və resurs çatışmazlığı bu problemləri daha da dərinləşdirir. Qonağımız güclü planlaşdırma, səmərəli nəqliyyat, yaşıl ərazilər, effektiv tullantı idarəçiliyi və keyfiyyətli su təminatının əhəmiyyətini vurğulayır.
Təhsil eksperti Yalçın İslamzadə ilə Azərbaycanda innovasiyanın niyə ləng getdiyi haqqında danışdıq. O, çıxışında dəyişiklikdən qorxunun, keçmişə həddindən artıq bağlılığın və zəif institutların gənc potensialı necə məhdudlaşdırdığını vurğulayır.
Spiker əlavə edir ki, təhsil sistemində əzbərçiliyin üstünlük təşkil etməsi tənqidi düşüncənin formalaşmasına mane olur. Qonağımızın fikrincə, çıxış yolu nəticəyə əsaslanan yanaşma, güclü mühit və qlobal düşüncəyə açıq olmaqdan keçir.
Milan Politexnik Universitetinin doktorantı Murad Mir-Zadə Azərbaycanda gənc tədqiqatçılar üçün elmi gündəliyin əsas istiqamətləri haqqında öz müşahidələrini bölüşür. O, universitetlərin qlobal müstəvidə rəqabətə diqqət ayırması ilə yanaşı, yerli elmi icma üçün uyğun mühitin formalaşdırılmasının vacibliyini vurğulayır.
Qonağımız qeyd edir ki, tədqiqat yoluna çıxan gənc alimlər yüksək hədəflərə baxmayaraq, çox vaxt praktiki dəstəyin çatışmazlığı ilə üzləşirlər. Nəticədə, resurslara və imkanlara çıxışın məhdudluğu alimlərin potensial töhfələrinin ləngiməsinə səbəb olur.
Rəssam Kafiyə Eyvazova regionlarda yaşayan yaradıcı gənclərin üzləşdiyi problemlərə işıq salır. O qeyd edir ki, erkən yaşlardan istedad göstərsələr də, imkanların, rol modellərinin və düzgün istiqamətləndirmənin çatışmazlığı onların inkişafını məhdudlaşdırır.
Akademik təhsil imkanlarının azlığı, incəsənət məkanlarının və sərgilərin olmaması, eləcə də incəsənətə qeyri-ciddi peşə kimi yanaşma gənclərin bu sahədən uzaqlaşmasına səbəb olur. Təhsil alanların bölgələrdə iş tapa bilməməsi isə onların paytaxta yönəlməsi ilə nəticələnir.
From the publisher's feed