
Sign up to save your podcasts
Or


Son illərdə tez-tez adı çəkilən kouçluq anlayışı bu sahə ilə bağlı müxtəlif və bəzən də yanlış təsəvvürlərin geniş yayılmasına səbəb olub. Erickson Coaching Azərbaycan təmsilçisi Leyla Surxayzadə ilə söhbətimiz izləyicilərə kouçluğun nə olduğunu və necə işlədiyini anlamağa kömək edir.
Qonağımız Azərbaycanda bu sahədə qeyri-peşəkar yanaşmaların geniş yayıldığını və düzgün kouçu seçməyin vacibliyini vurğulayır. O, həmçinin kouçluğun psixologiya, mentorluq və motivasiya ilə fərqlərini aydın və konkret nümunələrlə izah edir.
Təhsil mütəxəssisi Ulviyyə Mikayılova deyir ki, pedaqogikada valideyn uşağın ilk müəllimi hesab olunur, lakin bu rolu yerinə yetirmək üçün cəmiyyətimizdə kifayət qədər dəstək yoxdur.
Qonağımız bildirir ki, araşdırmalar valideynlərlə ünsiyyətin və birgə vaxt keçirməyin uşaqların təhsil nəticələrinə ciddi təsir etdiyini göstərir.
Təhsil mütəxəssisinin sözlərinə görə, Azərbaycan ailə modeli dəyişir və bu dəyişiklik məktəb və ailə əməkdaşlığının yeni formalarını tələb edir. O vurğulayır ki, uşaqların uğurlu inkişafı üçün məktəb və ailə arasında daha güclü dialoq və əməkdaşlıq qurulmalıdır.
Çörəyin sağlamlığa zərər verdiyi və rasiondan çıxarılmalı olduğu barədə tövsiyələrə tez-tez rast gəlirik. Dietoloq Lalə Yaqubova qeyd edir ki, bu cür yanaşmalar hər zaman elmi və praktik əsaslara söykənmir və problemi yalnız bir qidanın üzərinə yükləmək doğru deyil.
Qonağımızın sözlərinə görə, həkimlər daha çox ümumi həyat tərzinə və balanslı qidalanmaya diqqət yetirməyi tövsiyə edirlər. O əlavə edir ki, orqanizmin əsas enerji mənbələrindən biri karbohidratlardır və bədənin ehtiyaclarını qarşılamaq üçün onları balanslı şəkildə, xüsusilə də taxıl məhsullarından əldə etmək vacibdir.
Chenille Fashion School-un qurucusu Könül Quliyeva Azərbaycanda moda təhsilinin problemləri və bu sahənin gələcək potensialı haqqında danışır. O qeyd edir ki, ölkədə istedadlı və kreativ gənclər çoxdur, lakin əsas məsələ bu yaradıcılığı peşəyə çevirmək üçün sistem qurmaqdır.
Qonağımız həmçinin dizaynerlərin təkcə yaradan deyil, həm də iqtisadi qərarlar verən mütəxəssislər olmasının vacibliyini vurğulayır və əlavə edir ki, təhsil, istehsal və bazar arasında güclü əlaqə qurulsa, Azərbaycan moda sahəsində regional mərkəzə çevrilə bilər.
Milliyyət Araşdırmalar Mərkəzinin direktoru İsmayıl Zeynallı ilə millətçilik haqqında yayılmış təsəvvürlər mövzusunda danışdıq.
Qonağımız qeyd edir ki, 20-ci əsrdə millətçilik zəminində baş vermiş müharibələr nümunə kimi göstərildikdə, həmin müharibələrin digər mühüm amilləri olan siyasi manipulyasiya, revanşizm və təbii resurslar uğrunda mübarizə əksər hallarda diqqətdən kənarda qalır.
Eyni zamanda, Zeynallı vurğulayır ki, son əsrdə millətçiliyin demokratik inkişafa, sosial rifahın güclənməsinə və kollektiv məsuliyyət hissinin formalaşmasına töhfə verdiyini göstərən müsbət nümunələr də az deyil.
Məhəmmədəli İbrahimli Təqaüd Proqramı azərbaycanlı gənclər üçün xaricdə təhsil imkanlarının azlığı səbəbindən yaranmış boşluğu qismən doldurmağı hədəfləyir.
Proqram şəhid Məhəmmədəli İbrahimlinin dostları tərəfindən həm onun xatirəsini yaşatmaq, həm də Azərbaycanın inkişafına töhfə vermək məqsədilə təsis edilib.
Proqramın nümayəndəsi Ziya Kazımzadə qeyd edir ki, niyyətləri yalnız bu təqaüdü böyütmək deyil, ümumilikdə ölkədə daha çox təqaüd təşəbbüsünün yaranmasına və gənclərin təhsil imkanlarının genişlənməsinə töhfə verməkdir.
Təhsil psixoloqu və Bakı Dövlət Univetsitetinin dosenti Elmina Kazımzadə deyir ki, öyrənmənin keyfiyyəti bir qrup şagirdin müvəffəqiyyəti ilə deyil, məktəbdə hər kəsin faydalanacağı emosional və sosial iqlimdən asılıdır.
Qonağımız vurğulayır ki, məktəb iqlimi gündəlik münasibətlərdə, ünsiyyət tərzində və liderliyin yaratdığı atmosferdə özünü göstərir. O əlavə edir ki, bu cür mühitin formalaşmasında və davamlı olmasında mühüm rol oynayan sosial-emosional bacarıqların inkişaf etdirilməsi bütün məktəb icmasının və müəllim hazırlığının ayrılmaz hissəsi olmalıdır.
Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva deyir ki, valideynlər tez-tez uşağın çox yeməsini sağlamlıq göstəricisi kimi qəbul edirlər, halbuki vacib olan qidanın keyfiyyəti və düzgün qidalanma vərdişləridir; bunlar isə çox vaxt arxa planda qalır.
Spikerin sözlərinə görə, valideynlər fast food, qazlı içkilər və paketlənmiş məhsulların uşağın inkişafına mənfi təsirini bilsələr də, əməldə övladlarını bu cür qidalanma vərdişlərindən uzaq saxlamaqda çətinlik çəkirlər.
Qonağımız vurğulayır ki, ekranlardan uzaq süfrə mədəniyyəti yaratmaq çox önəmlidir.
Araşdırmalar göstərir ki, emosiyalarımıza toxunan və təşviş yaradan məzmunlar faktlara əsaslanan məlumatlardan dəfələrlə daha tez paylaşılır.
Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı deyir ki, nəticədə alqoritmlər həqiqətə əsaslanan məzmuna deyil, insanların həssas hisslərinə toxunaraq onları reaksiya verməyə təhrik edən paylaşımlara üstünlük verir.
Qonağımız vurğulayır ki, təkrar olunan yalan zamanla “həqiqət” təsiri yarada bilər, təsdiq qərəzi isə bizi sual vermədən inanmağa sövq edir.
Reklamda əlçatanlıq mövzusunun diqqətdən kənarda qaldığını deyən Əliyar Hüseynov vurğulayır ki, görmə və eşitmə məhdudiyyətli insanlar üçün məzmuna bərabər çıxış sosial inklüzivlik, informasiya hüququ və məsuliyyətli brend davranışının ayrılmaz hissəsidir.
Subtitrlər, səs təsviri, işarə dili, oxunaqlı dizayn və inklüziv qablaşdırma kimi yanaşmalar brendlərə etimadı gücləndirməyə və beynəlxalq standartlara uyğunlaşmağa imkan verir.
Qonağımız əlavə edir ki, ölkədə əlçatan reklamın tətbiqi üçün təşviq mexanizmləri, texniki imkanlar və məlumatlılıq azdır.
From the publisher's feed